İsmayıllı Rayon İcra Hakimiyyəti “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə rayonun Topçu kəndi ərazisində istehsalat binasının tikintisinə icazə verib. Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti binanın tikintisinə 24 yanvar 2024-cü il tarixli 02/2024 saylı sənəd əsasında icazə verib.
Bundan başqa 19 may 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-1645/2023 saylı, həmçinin 25 avqust 2023-cü il tarixində tikinti layihəsinə dair 35792 saylı ekspertiza rəyləri verilib.
Tikintisinə icazə verilən istehsalat sahəsinin tikinti sahəsi 16 min 667,59 kv. metr, ümumi sahəsi 14 min 319,53 kv. metr, mərtəbələrinin sayı isə 1 olacaq.
Onu da qeyd edək ki, İcra Hakimiyyəti “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə tikinti ərazisində sahəsi 20,6 kv. metr olacaq zəhər təmizləyici çənin inşasına da icazə verib. Eyni zamanda ərazidə sahəsi 348 kv. metr olacaq tullantı sahəsi də tikiləcək.