Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. Pravda.az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanların verildiyini bildirib.
Şabran rayon sakini olan S.M. bildirib ki, barəsindəki yalan məlumatı keçmiş həyat yoldaşı yayıb və boşanmalarına baxmayaraq ondan acıq çıxmaq üçün fotosunu da götürərək verilişə çıxıb.
O, keçmiş arvadı, 1987-ci il təvəllüdlü G.A.-nın Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında cəzalandırılmasını xahiş edib:
"Mən onunla əvvəllər ailəli olmuşam, 2019-cu ildə məhkəmə qaydasında rəsmi boşanmışıq, hazırda birgə yaşamırıq, habelə aramızda hər hansı bir formada münasibət yoxdur. Hazırda başqa qadınla 2-ci ailə həyatı qurmuşam. Bundan əsəbiləşən keçmiş həyat yoldaşım məni biabır edib alçaltmaq və bununla da qisas almaq məqsədilə barəmdə guya xəbərsiz itkin düşməyim və valideynlərim tərəfindən axtarılmağım haqqında qərəzli şəkildə "ARB" kanalında məlumat yayıb.