Fevralın 27-də COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova ilə Keniyada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib.
Görüş Azərbaycanın Keniyadakı səfirliyi, bu ölkənin Milli Gənclər Şurası və QHT-lər Şurasının dəstəyi ilə təşkil olunub.
L.Həsənovanın Azərbaycan nümayəndə heyətinin tərkibində BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak etmək üçün Nayrobi şəhərinə səfəri çərçivəsində keçirilən görüşə Keniyada fəaliyyət göstərən 30-a yaxın gənclər təşkilatının nümayəndələri, Keniya Gənclər və Keniya QHT-lər şuralarının rəsmiləri qatılıblar. Tədbirdə fəxri qonaq qismində Keniyada “Gənclər Çempionu”, “İqlim Fəaliyyəti üzrə Çempion” titullarını daşıyan, “Bəşəriyyət və davamlı inkişaf uğrunda ağıllı mexanikləşdirilmiş kənd təsərrüfatı və ətraf mühit fəaliyyəti Fondu”nun (Smachs Foundation) qurucu rəhbəri xanım Charlene Ruto iştirak edib.
Panel müzakirələri formatında keçirilən görüşdə bildirilib ki, bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyi ilə mübarizə yalnız qarşılıqlı dəstək və birgə fəaliyyət çərçivəsində mümkündür. Bu ümumbəşəri məqsədə çatmaq təkcə beynəlxalq təşkilatların məsuliyyəti hesab edilməməli, hər bir insan, habelə QHT-lər, gənclər təşkilatları, biznes dairələri, xeyriyyəçilər və yerli icmalar ətraf mühitin qorunması naminə səfərbər olmalıdırlar. Vurğulanıb ki, gənclər iqlim problemlərinin həlli məsələlərinin davamlı olaraq gündəlikdə saxlanılmasında xüsusi rola malikdirlər.