Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxmanın yenicə artmağa başladığı mart ayında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın çoxaldığı vaxtda niyə yumşaldılır?
Pravda.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib: "Bununla da başqa ölkələrlə müqayisədə yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Bu müddətdə ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub".