Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfər dələduzluqla üzləşdiklərini bildirir. “Qafqazinfo”ya müraciət edən 1988-ci il təvəllüdlü Bəhruz Şahbazov özlərini banklardan birinin əməkdaşı kimi təqdim etmiş şəxslərin ona və digər 3 nəfərə məxsus xeyli miqdarda pulu ələ keçirdiyini deyib.
Həmin şəxslərin bankın hərracda olan maşınlarını onlara satmaqla bağlı vəd verdiyini və avtomobillərin pulunu əvvəlcədən aldığını bildirən şikayətçi sonradan maşınların başqalarına satıldığını öyrənib. O, bəzi avtomobillərin özlərini bank əməkdaşı və vasitəçi kimi təqdim edən Nihat Teyyubov adlı şəxsin adına sənədləşdirildiyini iddia edib:
“Mən və digər zərərçəkmiş 3 nəfər: İlkin Əsgərov, Fikrət Məhərrəmov və Pənah Hüseynov başımıza gələnlərlə bağlı polisə şikayət etdik. Bildirdik ki, Teyyubov Nihat Nüsrət oğlu və Aslanov Etibar Məmmədəli oğlu aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsi niyyəti ilə qabaqcadan əlbir olublar. Nihat Teyyubov bank əməkdaşlarının köməyindən də istifadə etməklə məni aldadaraq bank tərəfindən hərraca çıxarılmış 10 PL 455 nömrə nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini və 10 PT 092 nömrə nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin alınması ilə bağlı ümumilikdə 32 300 manat məbləğində pulumu ələ keçirib. Pulu aldıqdan sonra “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirib. Daha sonra isə mənim adıma sənədləşdirilməsi üçün 700 manat, sığorta və nömrə üçün 232 manat aldı. Bundan sonra isə ustalara da müəyyən xərc çəkildikdən sonra 10 dekabr 2023-cü il tarixdə etibarnaməni ləğv etdirərək nəqliyyat vasitəsini apardı. Hadisə ilə bağlı 102 xidmətinə məlumat verməyimə baxmayaraq, polis əməkdaşları nəqliyyat vasitəsini mənzilimin qarşısından apardılar”.
Saytımıza müraciət edən İ.Əsgərov (66 300 manat ziyan), F.Məhərrəmov (14 000 manat) və P.Hüseynov da eyni məzmunlu əməllə üzləşdiklərini, külli miqdarda pul vermələrinə baxmayaraq avtomobillərin aldatma yolu ilə onlara təqdim edilmədiyini deyiblər.