Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"Dilində "Ya Əli", "Ya Hüseyn" olanların çoxunun əməlində həmişə Yezid ənənəsi, Yezid siyasəti gördüm" - İlahiyyatçı

1 151
Paylaş:
"Dilində "Ya Əli", "Ya Hüseyn" olanların çoxunun əməlində həmişə Yezid ənənəsi, Yezid siyasəti gördüm" -     İlahiyyatçı

"İmam Hüseynin ad gününü bu şəkildə keçiriblər: musiqi, tort, şam, qar, tüstü-duman, hay-küy... Çox aşağılayıblar o böyük şəxsiyyəti. Adi adam cərgəsinə qatıblar. Özü də qeyri-müsəlmanların adəti üzrə. Keçən dəfə hələ bir şəkil gördüm, İmam Hüseynin kəsik başının timsalını tortun üzərinə çəkmişdilər, yəqin ki, sonra da onu bıçaqla kəsib yedilər. İmam Hüseynin xatirəsi özünə, amalına münasib, layiqli şəkildə qeyd edilməlidir, bu sayaq yox. Qeyri-adi simaların, böyük şəxsiyyətlərin xatirəsi təkcə doğum-ölüm günlərində yox, bütün zamanlarda yaşamalıdır".

Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Tural İrfan bildirib.

"Həmişə demişəm, yenə deyirəm: dilində "Ya Əli", "Ya Hüseyn" olanların çoxunun əməlində həmişə Yezid ənənəsi, Yezid siyasəti gördüm. Ancaq bu şəxsləri dilində yox, qəlbində, əməlində yaşadanları daha səmimi, daha sağlam gördüm. İmam Hüseyni, Əhli-Beytin obrazını istismar ediblər, oğurlayıblar, monapoliyaya alıblar. Başqalarına zorla təlqin edirlər ki, siz İmamları sevmirsiniz, hətta siz onların düşməniniz, onları ancaq biz sevirik... Fəqət, baxıb görürsən ki, kimlərdir onlar? Həmin Əhli-Beyt imamlarının adına saxta profillər açıb fərqli düşünənləri təhqir edənlər, hədələyənlər, söyüş söyənlər, xurafat yayanlar, savadsız cahillər. Bayağı şəkildə, primitiv üslubda, xurafat mahiyyətində olan uydurma inancı. Əslində inancsızlığı! Əsl din, doğru yol kimi qəbul edib inanmaqları bir yana, illərdir, cəmiyyətə sırıyırlar!Zəngəzurda konsulluq açan, gavuru Təbrizə dəvət edən, hərbi baza yaratmaq üçün az qala ermənilərə yalvaran, türk birliyinə qarşı fars birliyi yaratmağı gündəliyinə salan, illərdir, məscid dağıdanlara qahmar çıxan ağalarına təqlid yox, az qala səcdə edənlər düşünürmü ki, İmam Hüseynin yolu bu deyil? İmam Hüseynə tortla ad günü keçirmək lazım deyil, onun elmini, əxlaqını, amal və əməlini yaşamaq, yaşatmaq lazımdır. Elə yaşamaq lazımdır ki, baxanlar desin "Bu Hüseynin yolçusudur!" Yoxsa özünüreklam ilə, riya və artistliklə, tort-şamla İmam təbliğ olunmaz. Bağırmaq lazım deyil ki, "mən Hüseynin yolçusuyam". Onsuz da heç kəs inanmayacaq, inanmır da. İmam Hüseynin şəxsiyyəti, irsi elə əzəmətlidir ki, onun xatirəsi böyük, təntənəli salonlarda, elmi konfranslarda, qəhrəmanlıq salnamələrində qeyd olunmağa layiqdir. Əhli-Beytin mədəni-mənəvi irsi, ənənəsi, əxlaqi dəyərləri, əqidə əsasları, həyat fəlsəfəsi hər bir cılızlıqdan alidir, hər bir cəhalətdən xalidir, xurafatdan münəzzəhdir. İmamların şəklini çəkmək lazım deyil. Onların obrazı, timsalı, rəmzi əsl müsəlmanların qəlbinə çəkilib. Onların şəklini qılıncla-qalxanla, qantökən, qanı tökülən kimi çəkmək lazım deyil. İmamlar qandan əvvəl qələmə, savaşdan əvvəl sülhə önəm veriblər. Bircə İmamın qələmlə şəklini gördünüzmü? Məgər İmam Əli döyüşçü olmazdan əvvəl "Quran"ın katibi deyildimi? Niyə böyük irs sahiblərini bu qədər aşağılayırsınız, xatirəsi bir tort, beş şamla yad edilən adi adamlara qatırsınız? Bəs deyilmi əsrlərlə bu şəxslər istismar edildi? Yezid bir dəfə öldürdü, siz hər il öldürürsünüz İmam Hüseyni? Hər il Hüseyni öldürüb Yezidi yaşadırsınız? Niyə qoymursunuz Yezid də ölsün? İtsin-batsın tarix səhifələrində! Əks təbliğatın özü də bir təbliğat deyilmi? Hüseyni və ailəsini qanına qəltan etməyə gücü yetən, qüdrət sahibi kimi təqdim edərək əslində Yezidin obrazını böyüdürsünüz. Hüseyni məzlum, aciz, yazıq, çarəsiz kimi təqdim edirsiniz. Əslində Hüseyn əleyhissəlam əsla aciz deyildi, gücsüz də deyildi, məzlum da. Heç kəs Hüseyn kimi əzəmətli bir şəxsiyyəti məzlum durumuna sala bilməzdi. İmam Hüseyn özü istədi, özü arzu etdi. O, təsadüfən öldürülmədi. O, cənnətin sultanı olmaq üçün dünya sultanlığından vaz keçdi. Əgər o şəhid olmasa, dünya savaşında sağ qalsa idi, dünyanın sultanı o olacaqdı. Fəqət o, daha üstün olanı, cənnət cavanlarının sultanı olmaq yolunu seçdi. Bu, çox uğurlu seçim və əsl qələbə idi! İmam Hüseyni adına əsərlər yazılmış, haqqında minlərlə tarixi məxəzlər yatan, tarixin ən fədakar ali şəxsiyyəti kimi şəhadət məktəbinin nümunəvi davamçısı olaraq layiqli şəkildə xatırlamaq, yad etmək gərəkdir. Ya da susmaq, lal olmaq lazımdır. Dildə "Hüseyn" deyib, əməldə Yezidlik etmək Hüseyn yoluna ən böyük xəyanətdir. Hər kəs onunla bağlı iş görəndə öncə bunu düşünməlidir: Özü sağ olsa idi, nə deyərdi? Bu gün özünü Hüseyn yolçusu kimi təqdim edib, əslində onun yolunu istismar edənlərin əməlləri eynən Yezid ənənələrinin qalıqlarıdır ki, İmamın şəhadət səbəblərindən biri də bunun kökünü kəsmək üçün idi. Ancaq indi bəziləri nə edir? Həmin adətləri dirildir, dirçəldir, yaşadır, cəhaləti, xurafatı, mövhumatı inkişaf etdirir. Kim təhsil alırsa, elmə, əxlaqa, maarifçiliyə, vətənsevərliyə, vətənpərvərliyə, qəhrəmanlığa, saflığa, haqq üçün fədakarlığa, riyasız ibadətə, təqvaya, səxavətə, vəhdətə, məhəbbətə meyllidirsə, İmam Hüseynə də nümayişkəranə şəkildə yox, gizlində, evində, qəlbində qürurlu hüzn saxlayırsa, əsl Hüseyn yolçusu odur! Kim xurafata, cəhalətə, nifaqa, zəncirə, qana, göstərişə, vətənə xəyanətə, gizli iş çevirməyə, "din" adı altında çirkin niyyətlərə meyllidirsə o, əsla Hüseyn yolçusu deyil, o, məhz Yezidin yolçusudur. Alimlər, savadlılar, qədirbilənlər İmam Hüseynin irsinə sahib çıxmalıdır ki, cahillər, xurafatçılarla, xarici siyasi maraqlara xidmət edənlər, çox zaman özləri də bilmədən istismar olunanlar İmam Hüseyni oğurlamasınlar. Son zamanlar belə bayağı işlər o qədər çoxalıb ki, bəzi dinsizlər bu işləri görənləri deyil, o ali müqəddəsləri hədəfə almağa başlayıblar. Buna yol vermək olmaz. İmam Hüseyn obrazı xalqımızın, bütün müsəlman xalqlarının qəlbində əbədi şəhadət və şəfaət timsalı olaraq ləkəsiz, uca, ali məqam kimi yaşayır, yaşayacaq və yaşamalıdır!", - ilahiyyatçı bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər