Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.
Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyini deyib: "Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl "Mercedes", daha sonra isə "Land Rover Discover" markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam, "Land Rover" gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdilər. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi. 40 min dollara maşını razılaşdırdıq. Onsuz da mən Rəşada da demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmləşdirdilər. Sonra rəisin köməkçisi dediyi şəxs pulu gətirib verdi".
Hakimin suallları cavablandıran şəxs avtomobili alan şəxsi tanımadığını deyib:
"Mən orda bir Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə, bir çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
Ötən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova "Land Rover Discover" markalı avtomobil onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.