Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.