Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib.