Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fəraim Sərkərov çağırılıb.
Hakim bildirib ki, bu cinayət işi üzrə Fəraim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib və daha sonra onun işi ayrıca icraata verilib.
Qeyd olunub ki ,bu səbəbdən onun dindirilməsi şahid kimi yox təqsirləndirilən şəxs kimi alınmalıdır. Fəraim Sərkərov qeyd edib ki, 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi çalışmağa başlayıb:
"3-cü ordu korpusunda, Zirədə yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi kimi işləmişəm. 2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam. 2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanılmışam. 8 ay ərzində dövlətə vurduğum ziyanı tam ödəmişəm. Bu səbəbdən barəmdə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışam".
Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib:
"Əlavə sifarişlər yazırdıq, həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm. İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub, həmin məbləğdən də 208 min 94 manat mənə çatıb. Həmin ziyanı da tam ödəmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub:
"Bütün pulları onların vasitəsilə təftişə vermişəm. İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başq nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib. Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm".
Cəlal Kazımov da buna münasibət bildirib. O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib:
"Fəraimdə yalan yoxdur. O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisinə, 30 faizi isə təftişin rəisinə çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib ,mən də onlara vermişəm. Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi. İnspeksiyalar yalnız nazirin əmri olurdu, onlar birbaşa nazirə tabedir. Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdi. Onlar pulları göndərirdi, məndə həmin məbləğləri Rəfail Xələfova verirdim. O da məsələri inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı".
Vəkillərin suallarına cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, yada "ölü canlılar" adlandırılan kartlar vasitəsi ilə çıxarıb:
"Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdılaşdırılıb. Həmin pullar da təftiş zamanı hesablanıb".
Prosesdə daha sonra N saylı hərbi hissənin maliyyə xidmət rəisi Fərid Abdullayev dindirilib.