Dövlətlərarası münasibətlər baxımından Azərbaycan Respublikasının prioriteti bütün xarici dövlətlərlə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dostluq, bir-birinin işinə qarışmama prinsipindən çıxış edərək əlverişli münasibətlərin yaradılmasıdır. Ancaq hər bir dövlət üçün olduğu kimi, təbii ki, Azərbaycan üçün də bütün - 200-ə yaxın dünya dövləti ilə eyni səviyyədə və müstəvidə münasibət qurmaq mümkün deyil. Hər bir dövlət üçün ona daha yaxın dövlət var ki, onlarla münasibətlər daha üst səviyyədə olur, daha geniş əlaqələr mövcuddur. Bəzi ölkələrlə müəyyən sahələrdə əməkdaşlıq həyata keçirilir, digər dövlətlərlə isə normal münasibətlər davam edir.
Pravda.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib.