Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib.