“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir, biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliyini qoruyan Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, birinci şəxsi səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularındançıxarıb emosional qərarlara çəkmək istəyirlər: “Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə prezidentə hücum edənlər, əslində, ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenliyi, Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir”.
Zahid Orucun sözlərinə görə, Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır: “İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti var. Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı-Peqasus, Panama, Pandora və Paradise sənədlərinin cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləridir.