Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İttihama görə, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə öz qulluq səlahiyyətlərindən istifadə edib. Şəxsi niyyəti üçün rəsmi sənədləri saxtalaşdıraraq qulluq mövqeyindən istifadə edərək dələduzluq edib. Kənan Rəsulovla əlbir olaraq Salyan şəhərində Yenikənd və Pampıqkənd kəndləri ərazisində ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən tərəvəz yetişdirilən istixana üçün “Avropa Yenidənqurma və İnkişaf Bank" 2 milyon dollar kredit alaraq sonuncuya külli miqdarda ziyan vurub.
Bundan başqa, özünü rəhbər şəxs kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq yenidən “Avropa Yenidənqurma və İnkişaf Bankı"ndan 5 milyon 600 min avro dəyərindən kredit almağa nail olub. Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz hazırda vəfat etmiş Aydın Rzayevin adına verilmiş etibarnaməni saxtalaşdırıb. Həmin etibarnaməni "Muğan Bank"a verərək 30 min dəyərində vəsaiti nağdlaşdırıblar.
Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulov adına investisiyası adı altında müvafiq qurumdan 260 min avro qrant almağı vəd verib. Həmin vəsaitin 130 min avrosunu özünə götürməklə Kənan Rəsulova ziyan vurub.
İttihamda daha sonra Ziya Hüseynzadənin "Muğan Bank"ın Xəzər rayon şöbəsində 2 milyon dolları nağdlaşdirərək ələ keçirdiyi göstərilib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 178.3.2(Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə -Eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (Vəzifə saxtakarlığı), 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri üzrə təqsirləndirilir.
Bütün maddələr üzrə təqsiri sübuta yetirilərsə Ziya Hüseynzadə 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.