Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İttihama görə, təqsirləndirilən şəxs rəsmi sənədləri saxtalaşdırıb, qulluq mövqeyindən istifadə edərək dələduzluq edib. O, Kənan Rəsulovla əlbir olaraq Salyan şəhərində, Yenikənd və Pampıqkənd kəndləri ərazisində ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən tərəvəz yetişdirilən istixana üçün “Avropa Yenidənqurma və İnkişaf Bank"ından 2 milyon dollar kredit alıb, sonuncuya külli miqdarda ziyan vurub.
Bundan başqa, özünü rəhbər şəxs kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı"ndan 5 milyon 600 min avro dəyərindən kredit almağa nail olub. Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq hazırda vəfat etmiş Aydın Rzayevin adına verilmiş etibarnaməni saxtalaşdırıb. Həmin etibarnaməni "Muğan Bank"a təqdim edərək 30 min dəyərində vəsaiti nağdlaşdırıb.
Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına 260 min avro qrant alacağına vəd verib. Həmin vəsaitin 130 min avrosunu özünə götürməklə Kənan Rəsulova ziyan vurub.
İttihamda daha sonra Ziya Hüseynzadənin "Muğan Bank"ın Xəzər rayon şöbəsində 2 milyon dolları nağdlaşdıraraq ələ keçirdiyi göstərilib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (Vəzifə saxtakarlığı), 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri üzrə təqsirləndirilir.