Meyxanaçı Rüfət Nasosnu kult.az saytına müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir:
- Rüfət, meyxanadan əlavə müğənnilik də edirsiniz. Yoxsa, siz də şou-biznesə keçdiniz?
- Keçdiniz deyəndə, mən elə iki ildir, şou-biznes adamıyam.
- Meyxanaya nə oldu ki? Nə qane etmədi?
- Heç nə olmadı. Sadəcə, bu da bir yoldur, sənətdir. Burada da halal insanlar var, çox yaxşıdır. Hansı ki, heç kim heç kimi toyundan eləmir, məclisdən uzaq salmır, bir sözlə, heç bir maneə törədilmir.
- Deyəsən, meyxanada kimlərdənsə acıqlısınız. Sizi məclislərdən, toylardan uzaq salırlar?
- Bir söz deyim, hər sahədə pis adamlar var, bu heç. Amma həm də bu cür şeylər əvvəl-əvvəl şou-biznesdən keçib. Yaxşı şeylərin çoxunu götürməyib, həm də bunu götürüblər. Ümumiyyətlə, meyxanaçının toya pul danışıb getməsi əvvəllər olmayıb. Toyun sonunda meyxanaçılar gəlirdi, kim nə verdi-verdi idi. Sonra artıq zaman dəyişdi, pul məsələləri ortaya çıxdı. Elə toylar var, orada gedirdin, şabaş olmurdu. Meyxanaçılar bu və digər iqtisadi səbəbləri nəzərə alıb, pul ilə danışığa keçdilər.
- Məclislərdən uzaq salınmaq məsələsi ən çox Rəşad Dağlının adına çıxılır. Sanki hər şeyi o idarə edirdi…
- Rəşadın boynuna yıxmaq olmaz. Bu məsələlər ta əzəldən olan söhbətlərdir. Mən kiminsə eybini açıb günahkar olmaq istəmirəm. Mənim halım yoxdur kiməsə görə Allaha cavab verim. Özümün o qədər günahlarım var ki, onlara görə güclə cavab verəcəm.
- Oxuduğunuz mahnılar birmənalı qarşılanmır. Sosial şəbəkələrdə səsinizə lağ edən xeyli adam var…
- Hər cür adam var da. Mənim üçün onlar önəmli adamlar deyil. O qədər adam tərifləyir məni. Bəs onlar necə? Baxıram, görürəm ki, pisləyənlər kimlərdir. Musiqi savadı, zövqü olmayan adamların fikri mənə maraqlı deyil.
- Belə çıxır ki, pisləyən adamların hamısı savadsız, zövqsüz adamlardır?
- Cəmiyyətin damarını tutursansa, nə oxusan gedir. Azərbaycanda musiqini bilən adam azdır. Mənim “Bağışla” mahnım təzə çıxanda çox tənqid edildi. Sonra on minlərlə çarx çəkildi, milyonlarla baxış oldu, cəmiyyət də qəbul elədi. Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm. O mahnını elə yerdə oxumuşam, xalq artistləri də bəyənib. Hər şey təqdimatdan asılıdır həm də.
- “Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm” deyirsiniz. Amma meyxanalarda narkotikdən, kriminaldan çox demisiniz.