Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.
Pravda.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyi diqqətə çatdırıb.