Azərbaycanın COP29-a hazırlıq səviyyəsi BMT tərəfindən müsbət qiymətləndirilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclasında deyib.
S.Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirib. S.Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirib.