Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
O bildirib ki, istilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır: "Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir".
Kimlərin oruc tuta bilməməyinə toxunan terapevt qeyd edib ki, bütün günü ac qalmaq qanda şəkər balansını pozur: “Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidir. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdır. Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir.