Bərdədə müəllimin həyat yoldaşını bıçaqlaması ilə bağlı iddiaya aydınlıq gətirilib. Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Nuriyeva Nuranə Mehdi qızının ailədaxili münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirməsi barədə yayılmış məlumat ilə əlaqədar Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Nuranə Nuriyeva ilə görüş keçirilib.
Qeyd edilib ki, görüş zamanı Nuranə Nuriyeva həyat yoldaşı ilə aralarında ailə münaqişəsinin olduğunu, həyat yoldaşı ilə ayrılmaq istədiyini bildirib, lakin həyat yoldaşına bıçaqla heç bir xəsarət yetirmədiyini qeyd edib: "Eyni zamanda, nəzərinizə çatdırırıq ki, Nuranə Nuriyeva 11.03.2024-cü il tarixi üçün Mingəçevir şəhər Polis şöbəsinə dəvət olunub".