Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Pravda.az xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:
- Sizi burada, müqəddəs Azərbaycan torpağında görməyimə çox şadam.
Bildiyiniz kimi, mən dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm. Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.
Mədəni–humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik.
Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışını etdik. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.
Sizi bir daha müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırıram.
Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.
Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir. Sağ olun.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Kasım-Jomart Tokayev, çox sağ olun.
Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından Sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi–qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn, əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər böyük şəhərlərdən olan uşaqlar öz qəlblərinin səsi və əcdadlarının çağırışı ilə tədbirdə iştirak edirlər. Diqqət yetirdikdə görürük ki, burada - Füzulidə yaşayan insanlar, onların əksəriyyəti Füzulinin işğalı dövründə dünyaya gəliblər, yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma şəhərini, öz rayonunu görməyiblər, amma bu torpağa məxsus olduqları, uğrunda mübarizə apardığımız, döyüşdüyümüz, qan tökdüyümüz və uşaqlarımızı itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid olduqları üçün buraya qayıdıblar.
Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Siz, yəqin ki, bizim dünənki görüşlərimizi izləmisiniz, həmçinin axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya nüfuz etmisiniz. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir. Sizi təbrik edirəm və sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü bildirmək istəyirəm.
Prezident Kasım-Jomart Tokayev: Azərbaycanın gənc vətəndaşlarına, müqəddəs Füzuli sakinlərinə ayrıca səadət, uğurlar arzulamaq istəyirəm.
Prezident İlham Əliyev: Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır, yəqin ki, onu tanıyırsınız. O, Xalq yazıçısıdır.
Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Xalq yazıçısı Anar: Mən onun atası haqqında yazmışam.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rektoru, Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc istedadlarımız buradadırlar.