2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.
Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.