Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Martın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İclas hakim hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Çingiz Mehdiyev Bakı Şəhər Əməliyyat şirkətinin İdman Əməliyyatları şəbəsinin rəisi vəzifəsində 2015-2020-ci illərdə çalışıb. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.
Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırmaqda, həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürməkdə, qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəməkdə təqsirləndirilir.
İstintaq zamanı o da müəyyən olunub ki, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zona sayılan Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.