Günümüzdə marketlər istehlakçılara bir neçə növ və markada duru yağ təklif edirlər. Market rəflərinə baxdığımız zaman növbənöv, müxtəlif çeşiddə yağların olduğunu görürük. Bəs bu çeşidlər arasında ən faydalı, ən keyfiyyətli olanını necə seçmək lazımdır? Gündəlik olaraq istifadə etdiyimiz yağlar həqiqətən keyfiyyətlidirmi? Mətbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Qida üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marketlərdən yağ alarkən bilinən markaları və ucuz olmayan yağları seçməliyik:
“Ümumiyyətlə, yağlar insan orqanizminin əsas tikinti daşlarından biridir. Enerji qaynağı olaraq bizi uzun müddət tox tutur, soyuqdan qoruyur, orqanlarımızı və sinir sistemimizi qoruma altına alır. A, E, D və K vitamini kimi yağda əriyən vitaminlərin orqanizm tərəfindən sorula bilməsini də təmin edirlər.
Bu gün market rəflərində çox sayda duru yağın olduğunu müşahidə edirik. Bir istehlakçı olaraq hansı duru yağın daha faydalı olduğunu bilmək vacibdir. Marketlərdə daha çox satılan duru yağlar zeytun, günəbaxan və qarğıdalı yağlarıdır. Duru yağ seçərkən güvəndiyiniz markalara və qiyməti çox aşağı olmayan yağlara müraciət etmək daha doğrudur. Çünki marketlərdə fərqli-fərqli markalarda, müxtəlif qiymətlərə, mənşəyi bilinməyən yağların da satılma ehtimalı var”.
Ekspert bildirib ki, meyvə və toxumlardan yağ əldə etmək üçün üç prosesdən istifadə olunur:
“Bunlar soyuq presləmə, isti presləmə və kimyəvi ekstraksiyadır. Ən çox yağ isti presləmə və kimyəvi ekstraksiyada əldə olunur. Soyuq presdən bunlara nisbətən az yağ əldə edilir və bahalıdır. Soyuq sıxım yağlar soyuq yeməklər, salatlar, souslar üçün uyğundur. Soyuq sıxım yağların sərin, qaranlıq və hava çəkməyən bir qabda saxlanması vacibdir. Çünki işıq, temperatur və oksigen yağın keyfiyyətinin aşağı düşməsinə təsir edir.
Soyuq sıxım yağlar yüksək miqdarda “Omeqa-3” yağ turşuları ilə zəngindir və sağlamlığa çox faydalıdır. Rafinə yağlar isə daha çox qızartma və şirniyyat hazırlanmasında istifadə olunur”.