Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
Pravda.az xəbər verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlətimizin başçısına təbrik məktubu göndərdiyini xatırladı və Çin Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğuladı.
Vu Honqbo qeyd etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı.
Dövlətimizin başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırladı və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirdi.
Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirdi.