Pravda.az xəbər verir ki, tanınmış fitnes müəllimi Kamil Zeynallı Kult.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?
– Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stress keçirirdim. Sizi inandırım, “Kamil qorxur” deyənlərin hansının üzünə “Səni Ermənistana təhvil veririk” desələr, ürəkləri gedər. Dostlarımdan, övladımdan, anamdan, ailəmdən ayrı düşəcəkdim, özü də Azərbaycanda yox, düşmən ölkədə. Stressli olmağım da normaldır. Hətta inanmırdım ki, azadlığa çıxa bilərəm. Bir anlıq elə bildim, vəssalam, hər şey bitdi. Amma bu günə şükür. Bir daha dövlətimizə, cənab Prezidentə təşəkkür edirəm ki, məni tək buraxmadılar. Vallah, bu, elə-belə məsələ deyildi, elə şeylər var, onları açıqlaya bilmirəm. Məni məhkəməsiz-filansız birbaşa azad elədilər. Qıraqdan adi görünə bilər, amma elə məsələlər var ki… Nəysə.
– Həbs olunmamışdan əvvəl də bir neçə dəfə Rusiyaya getmisiniz. Amma gedəndə yox, qayıdanda saxlanıldınız. Ümumiyyətlə, Rusiyaya niyə tez-tez gedirsiniz ki?
– Mən qış fəslini çox sevirəm. Soyuq havaya, qara aşiqəm. Azərbaycanda isə istədiyim soyuq hava nadir hallarda olur. Səfərlərimin məqsədi birmənalı olaraq istirahətdir, gedib soyuq havadan həzz almaqdır. Orada rus hamamına girirəm, buzlu suda çimirəm, bu da mənim əyləncəmdir. Məsələ belədir ki, mənim adımı Ermənistan axtarışa verərkən hərfin birini səhv yazıb. Bir hərfə görə məni əslində, elə bir neçə dəfə saxlamışdılar da. Amma hər dəfə sorğu-sual edib buraxırdılar. Xəbərim də yox idi nə üçün belə olur. Düşünürdüm, yəqin ki, xırda bir məsələdir, prosedur belədir. Sonuncu dəfə Rusiyadan şəkillər paylaşanda Ermənistandan zəng vurub xəbər ediblər ki, axtarışa verdiyimiz adam sizin ölkədən video-şəkil paylaşır, nə məsələdir? Məni də fürsət bilib qayıdanda saxladılar.
– Kamil, çox vaxt fiziki baxımdan güclü adamlar, ümumən elə bir çox idmançı “hərba-zorba adam” olur. Bu fikir həm də sizə aiddir. Niyə beləsiniz?
– Doğru deyirsiniz. İdmançıların çoxu “hərba-zorba”, yekəxana adamlardır. Beş barmağın hamısı eyni deyil. Bütün bunlar isə həm də təhsillə əlaqəlidir. İdman elə bir şeydir ki, adama özgüvən verir. Amma gərək bundan düzgün istifadə edə biləsən. Ağlın, təhsilin, savadın olsun. Məni məktəbdə uşaqlarla görüşə çağırmışdılar. Orada dedim ki, idmanı seçib, təhsildən uzaq olmayın. Qolunuz güclü, başınız boş olmasın. Bəziləri bədən çıxardır, iki yumruq atır, özünü qoyur dağ başına. Bəzən olub ki, mənim yanımda olan bir idmançı ofisiantın üstünə qışqırıb. Tez onu danlamışam ki, sən kimsən ona qışqırasan? Gücünə güvənirsən? Özüm çıxıb həmin ofisiantdan üzr istəmişəm.
– Yəni, deyirsiniz ki, siz yekəxana, gücünə güvənən adam deyilsiniz?
– Əlbəttə ki, belə deyiləm. Mən özümə güvənirəm, gücümə güvənirəm, amma bunu kimisə döymək üçün istifadə etmirəm. Məni tanıyan hamı bilir ki, necə səmimiyəm. Sizinlə də səmimi danışıram, nə yekəxanalıq edim ki? Həyatın hər üzünü, hər çətinliyini görmüşəm. Adamlar var, deyir ki, Kamilin pulu var, özünü dartır. Dartıb nə edirəm? Salam verirlər, almıram? Yolda tutub döyürəm? Neynirəm də? Mən fəhlə də olmuşam, araba da dartmışam, bazarda da işləmişəm. Ən kasıb həyat nədirsə, yaşamışam. Həyatın dibini görən adamam. Özümü dartmaq üçün heç bir səbəbim yoxdur. Arxamda da heç kim olmayıb, dəstək görməmişəm. Nə eləmişəmsə, ancaq öz gücümə etmişəm.
– Bəzi adamlar deyir ki, Kamil bir layihədir, ictimai məsələlərdə onu qəsdən ortaya atırlar. Məsələn, pandemiyada etdiyiniz yardımlar, o cümlədən müharibədəki fəaliyyətiniz. Qəribədir, yaxşılıq etməyə çalışdığınız halda niyə qınanırsınız?
– Bütün bunların hamısı paxıllıqdandır. Bilirsiniz, mənim elədiyim heç nədir. Dövlətin elədiyinin yanında mən nə edə bilərəm ki? Yaxşı, indi mən də sual verirəm ki, bu cür deyən adamların hansı biri ətrafına bu qədər adam yığa bilər? Kim kömək çağırışı eləsə, ona minlərlə adam inanacaq? Nəyi pisdir axı? Pislik edirəm? Tanınmış adamam, dostlarım çoxdur. Pandemiyada dostların köməkliyi ilə o qədər yardımlar payladım ki! Vətəndaş mövqeyidir də. O cümlədən, Qarabağ müharibəsində də. Düzdür, qanunsuz əməl də etdim, “getmə” demişdilər, “girmə” demişdilər, qulaq asmadım, ürəyim dözmədi. Buna görə də dövlət cəza verdi. Bu cəzadan da narazı deyiləm. Dövlətdən çox bilməyəcəyik ki!
– Döyüşmək istəyirdinizsə, niyə könüllü yazılmamışdınız?
– Yanlış düşünürsünüz. Kim deyir yazılmamışdım? Yazılmışdım, aparmadılar, mən də bu yolu seçdim. Dəstək olanlara yenə də təşəkkür edirəm. Bunu təkbaşına, öz cibimdən eləməmişəm, dostlar, sevənlər edib. Utanmayıb deyirlər ki, Kamil başqasının hesabına edir, sağ əlin verdiyini sol əl bilməməlidir. Belə də düşüncə olar? Mən özümü reklam edirəm ki? Reklama ehtiyacım var? Ona görə deyirəm ki, əgər mənim reklam məqsədim varsa, Allah bilsin. Niyyətimdə pis nəsə varsa, yenə də Allah bilsin. Bir söz var, “Allah ürəyinə görə versin”. Bax mənə də, hamıya da Allah ürəyimizə görə versin. Bundan gözəl alqış da, qarğış da yoxdur.
– Yekəxana, özündənrazı deyiləm deyirsiniz, amma sosial şəbəkədə tez-tez adamları söydüyünüzü görürük.