Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb.
Pravda.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir:
"Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi.
Nazirlər,
Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq;
Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq;
Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;
Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq;
Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək;
Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək;
Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək;
Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək;
Aşağıdakıları bəyan etdilər:
Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar;
Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər;
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər;
Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər;
Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı.
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər;
Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər;
Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar;
Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar;