İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Pravda.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyevin anasının Prezidentə ünvanladığı müraciət açıqlanıb.
Hakim həmin məktubun cinayət işinin materiallarına əlavə olunduğunu bildirib.
Əvvəlki məhkəmə iclaslarından başlayan ifadəsini davam etdirən Bəxtiyar Hacıyev bildirib ki, ona vergidən yayınma, xuliqanlıq, qanunsuz sahibkarlıq və digər əsassız ittihamlar verilib. Bu ittihamların heç birini də qəbul eləmir:
“Bizim ofisdə heç kimdən ödəniş alınmadan tədbirlərin keçirilməsini qanunsuz sahibkarlıq kimi qiymətləndiriblər. Yaxud da məhkəmədə Ülviyyə Muradova ilə aramızdakı mübahisənin səs yazısı var. Orada mənim onu mədəni olmağa dəvət etməyim təhqir, xuliqanlıq kimi qiymətləndirilib, amma onun küçə söyüşlərinə hüquqi qiymət verilməyib”.
Bəxtiyar Hacıyev bildirib ki, ittihamlardan yalnız qaçaqmalçılığı qəbul edir. Lakin onun elədiyi qaçaqmalçılığın ittihamda yazılanlarla heç bir əlaqəsi yoxdur. Bəxtiyar Hacıyevə qarşı qaçaqmalçılıq ittihamında göstərilir ki, o, beynəlxalq qrant təşkilatlarından qrant alıb, həmin vəsaitləri Gürcüstandan qaçaqmalçılıq yoluyla Azərbaycana gətirib.
İctimai fəal isə bu barədə ittihamda yazılanların yalan olduğunu bildirib: “Qaçaqmalçılıq ittihamı son vaxtlar dəbə düşüb. Bakı şəhər Baş Polis İdarəsi jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı bu ittihamdan istifadə eləyir. İstintaqdakılara sual verdim ki, mən qaçaqmalçılığı nə vaxt eləmişəm? Hansı üsulla gətirmişəm? Ortada heç nə yoxdur, amma qaçaqmalçılıqda ittiham eləyirlər. Mən qaçaqmalçılıq eləmişəm, amma bunların dediyini eləməmişəm. Öz elədiyim barədə məlumat vermək istəyirəm".
Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. O bildirib ki, istintaqda ifadə vermiş şahidlərin dediklərini qəbul eləyir. Bu üzdən onlara təsir göstərməyə ehtiyac və belə bir niyyəti yoxdur.