Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda şahidlər dindirilib.
İlk olaraq iş üzrə şahid Elməddin Əliyev ifadə verib.
"Evdə idim. Çöldə səsə çıxdım. Küçənin başına getdim. Geri qayıdanda qabağımdan kapşonlu bir nəfər getdi. Üzünü görmədim çünki kapşonu vardı. Sonradan çönüb arxaya baxanda belində boz çanta olduğunu gördüm".
Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib.
"Hadisə günü işdən çıxıb evə gəlmişdim. Daha sonra evdə atamla söhbət etdim. Daha sonra işim olduğu üçün həyətə düşdüm. Həyətdə olanda atəş səsi eşitdim. Birinci atəşdən sonra 3-4 atəş səsi daha eşitdim. Polis olduğum üçün qaçaraq küçəyə çıxdım. Küçənin başına qədər getdim. Avtomobil yoluna qədər gedib dayandım. Daha sonra geri qayıdanda qarşımdan bir nəfər keçdi. Başında kapşon vardı. Əllərini cibinə qoymuşdu. Çox soyuqqanlı davranırdı. İri cüssəli bir nəfər idi. Yanımdan keçəndə yerə tüpürdü. Bu da mənim xoşuma gəlmədi. Çünki, küçədə yaşayan olsa məni tanıyıb salam verərdi. Çöndüm arxasınca baxanda belində boz çanta olduğunu gördüm. Mən heçnə bilmədim və evə geri döndüm. Daha sonra polis maşınlarının səsini eşitdim. Təzədən küçəyə çıxanda küçədə çoxlu polis var idi. Bu zaman nə baş verdiyini öyrəndim".