“Azərbaycanda siyasi mədəniyyət aşağıdır”. Bu sözləri TV Müsavatın “Canlı debat” verilişinə qonaq olan Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu deyib. Onun iddiasına görə, Milli Şuranın keçirdiyi və geniş ictimaiyyətə yayılan ''zoom konfrans'' bunu bir daha sübut etdi: “Bunlar ''zoom konfrans'' keçirirlər. Biri oturub maykada, divanda uzanaraq, o biri çay içə-içə, bir başqası siqaret çəkərək. Əgər belədirsə, bu konfransı niyə yayırsız? İkincisi, bir-birinizə hörmət edin. Nə olar ''zoom konfrans'' olanda? Siyasi partiya funksionerlərinin davranışları siyasi liderlərin davranışına uyğun deyil. Hər bir peşənin bir etikası var. Xüsusən xalqın qabağına çıxanda etik davranmağı öyrənin”.
S.Cəlaloğlu daha sonra AXCP sədri Əli Kərimlinin trol ordusu barədə də danışıb. Deyib ki, bu günə qədər Milli Şuranın fəaliyyəti ilə maraqlanmayıb və Ə.Kərimlinin hər hansı televiziya çıxışını izləməyib, onun hər hansı tezisinə qulaq asmayıb: “Qulaq asmaq da fikrim yoxdur. Mən Milli Şuranın Azərbaycan xalqı, siyasəti üçün hər hansı bir əhəmiyyət daşıyacağına inanmıram və bunu qəbul da etmirəm ki, bunun nə anlamı var. Təbii ki, onun təbliğatı ilə məşğul olan Sevinc Osmanqızı və Qənimət Zahid var ki, səhər-axşam onu təbliğ edirlər. 30-40 dənə də özünün dediyi kimi, “facebook fırtınası” yaradanı var. Əli Kərimlinin bir müavini vardı, Asif Quliyev. Partiyadan uzaqlaşdırılandan sonra gəlmişdi mənim yanıma. Ondan soruşdum ki, biz hər dəfə internetdə çıxış edəndə videonun altına söyüşlər yazanlar kimlərdir. Dedi, Sərdar bəy, biz özümüz 200 manat maaşla 5-6 nəfər tutmuşuq, hərəsinin də 10-15 saxta hesabı var. Bunlar nə edir? Azərbaycan müxalifəti çıxış edəndə videonun altına “xain, erməni, ikiüzlü” kimi sözləri yazırlar, iqtidar nümayəndələri çıxış edəndə isə lap küçə söyüşləri yazırlar. Əvəzində Əli Kərimli çıxış edəndə bu trol ordusu başlayır ki, xalqın lideri, səndən ötrü ölürük filan yazmağa. Əli Kərimlinin ''fırtınası'' bax, budur. Son 30 ildə bir dənə ADP nümayəndəsi tapsaz ki, etikadan kənar bir söz deyib, mən siyasətdən getməsəm, insan deyilləm. Amma Əli Kərimlinin o tərəfdarları atası yaşında olan siyasətçilərə ən ağır sözləri yazırlar. İsa Qəmbər Almaniyadan müalicədən gələndə televiziyada kiçik bir açıqlama vermişdi. O videonun altında Əli Kərimlinin tərəfdarları nələr yazmışdılar onun haqqında. Söyüş, təhqir. Bu, insanlıq deyil. Bu, fırtına deyil, siyasətçiyə ləkədir. Sən pulla trol ordusu düzəltmisən. Bu, su bulandırmaqdır. Milli Şura da su bulandırmaqla məşğuldur”.
S.Cəlaloğlunun sözlərinə görə, tez-tez “Əli Kərimlinin ətrafında birləşin” deyə çağırışlar səsləndirilir. Müsahibimiz bunun baş tutmamasının səbəblərinə toxundu: “Sən nə zaman dəvət etdin, partiyalar sənin ətrafında birləşmədi? Ya sən hansı müxalifət partiyasının dəvətini qəbul etdin? Bunların arqumenti budur da. Bunlar müxalifətdir, qalanlar hamısı satqındır. Sən necə iki dəfə deputat oldun, hər dəfə 6 nəfərlə? Qüdrət Həsənquliyev, Asim Mollazadə, Cəmil Həsənli... Bunların sənlə kimlər arasında əlaqə yaratdığını, hökumətlə hansı işlər gördüyünüzü sən özün mənə demisən də. Ona görə də sonradan bu həmin şəxslər deputat olublar. Vasitəçilik prosesində hökumətin sevimli adamlarına çevriliblər. Əli Kərimli kimi bir adamı iqtidara yaxınlaşdırıblar. Sən indi nəsə “atmısan”, aranız dəyibsə bu hökumətlə, indi deyirsən ki, gəlin siz də düşmən olun. Mən sənin kimi bu hökumətə “atmamışam”, ayda 50-100 min almamışam, sövdələşməyə getməmişəm, deputat olmamışam. Azərbaycanda parlament müxalifəti deyilən şəxslərin hamısı Əli Kərimlinin müavinləri olub. Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Mustafa, Cəmil Həsənli. Necə ola bilir ki, bir partiyanın 6 nəfər müavini hökumət tərəfə keçib?”