Azərbaycanda 4-dən artıq şirkətin sahibi olan iş adamı məşhur iranlı mühəndisə görə 15 min manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, "DADAŞ-N" MMC-nin qanuni təmsilçisi və baş direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir.
İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb.

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib.

Nikrouz Forouzandeh
Qeyd edək ki, 2018-2022-ci illər ərzində Nikrouz Forouzandeh Bakı Mühəndislik Universitetinin (BMU) İnşaat mühəndisliyi kafedrasının baş müəllimi kimi çalışıb. 2021-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil edilmiş "Qədim Qarabağın yenilənən siması" müsabiqəsində Ağdam rayonun Sancalı kəndinin memarlıq planlaşdırma həlli layihəsinin hazırlanmasına görə diplomla təltif olunub. 2023-ci ildən sonra mühəndisin iş icazəsi bitdiyindən "DADAŞ-N" MMC şirkəti tərəfindən işlərə cəlb edilib.
