Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə karantin qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən minlərlə şəxs cərimələnib. Bəzi şəxslər cərimələri ödəsə də, bir çoxları düşünür ki, hökumət karantin rejimindən sonra humanist addımla cərimələri siləcək. Bu mövzu son bir neçə ay ərzində dəfələrlə müzakirə edilib.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu iddiaların əsassız olduğunu bildirib və deyib ki, tətbiq edilən cərimələr ödənməlidir: “Düşünmürəm ki, cəzadan azad edilmə ilə bağlı hər hansı bir addım atılsın. Çünki cərimə tətbiq edilən şəxslər konkret olaraq bilərəkdən qaydaları pozublar. Qaydaları pozduqları üçün bu şəxslər cərimə olunublar. Həmin şəxslər onlara verilmiş müddət ərzində cərimələri ödəməlidirlər”.
Cərimə ödənməsə, nə olacaq?
K.Əliyev bildirib ki, bir ay ərzində tətbiq edilmiş cərimə ödənməsə, həmin şəxsin barəsində olan materiallar məcburi icraya yönləndiriləcək: “Məcburi icrada isə onların əmlakına, hər hansı bir mülkünə həbs qoyulacaq. Həmin əmlakdan, mülkdən istifadə edə bilməyəcək, satmaq istəyəndə də problemlə üzləşəcək. Ona görə də kimsə ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə qaydaları pozduğu üçün inzibati məsuliyyətə cəlb olunubsa, onlar cərimələri vaxtında ödəməlidirlər. Arxayın olmasınlar ki, nə vaxtsa bu cərimələrlə bağlı güzəşt olunacaq, cərimədən azad olunacaqlar”.