Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olması barədə məlumat yayılıb. Son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. Nə baş verib?
- Bu, QHT sektorunda başladılan genişmiqyaslı islahatların ilk ölçüləbilən nəticəsi hesab oluna bilər. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar bunun əsas səbəbidir. Agentliyin 2024-cü il üzrə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrində iştirak üçün ümumilikdə 779 təşkilatdan müraciət daxil olub. Agentliyə ilk dəfə qrant almaq üçün müraciət edən QHT-lərin sayı 119-dur. Biz bu rekord göstəriciləri cəmiyyətdə işimizə yaranan inam və etibar kimi qəbul edirik.
İlk dəfə bütün proses tam elektronlaşdırılıb, bütün layihələr “bir pəncərə”dən qəbul edilib, vahid proses kimi idarə olunub. İlk dəfə müsabiqə mövzuları 5 əsas istiqamət üzrə verilib, sonuncu istiqamət tam sərbəst saxlanılıb ki, QHT-lər cəmiyyətin içərisindən gələn digər mövzuları da rahatlıqla ortaya qoya bilsin, hər mövzu üzrə kiçik, orta və böyük qrantları seçmək də sərbəst olub. QHT-lər əvvəlki dövrdə heç vaxt belə geniş seçim imkanlarına malik olmayıb.
- Agentliyin illik qrant büdcəsi nə qədərdir?
- Əgər 779 təşkilatın hər biri istədiyi büdcələr üzrə maliyyələşdirilərsə, bu, 16 milyon manatdan çox vəsait deməkdir. Yəni, tələb Agentliyin illik qrant büdcəsindən təxminən 4 dəfə çoxdur. Təbii ki, hər bir layihə müraciəti mütləq maliyyələşdiriləcəyi anlamına gəlmir. Donordan tələb olunan məbləğin də tam olaraq verilməsi öhdəliyi yoxdur. Qaydalarda əksini tapmış meyarlar üzrə hər bir QHT-nin layihə müraciəti ciddi araşdırılır, yoxlanılır və məbləğ müəyyən edilir. Dünyada bu praktika heç kim üçün təəccüblü deyil. Bunun üçün bir neçə mərhələli prosedurlar var.
- Prosedurlar dedikdə?
- Əvvəla, elektron sistemdə layihəsini yükləmək istəyən 779 təşkilatın 42-sinin sənədlərində elektron qeydiyyat üçün uyğunsuzluqlar olduğundan onlar sistemdə pəncərə açmaq, qeydiyyatdan keçib layihə yükləmək şansına malik olmayıb, müsabiqədə iştirak hüququnu itirib. Onların içərisində bizi təəccübləndirən müraciətlər də olub, bəziləri ümumiyyətlə, QHT olmayıb. Beləliklə, texniki seleksiya mərhələsinə 737 QHT buraxılıb. Sevindirici haldır ki, ötən ilin payızında QHT-lərlə keçirilmiş infosessiyalar və aparılan təbliğat nəticəsində “1 QHT-1 layihə” prinsipinin tətbiqinə demək olar ki, nail olunub. Bu dəfə hər bir QHT haqlı olaraq əsas diqqəti özünü daha güclü bildiyi bir layihə üzərində cəmləşdirib. Sağlam rəqabət üçün vacib şərtlərdən biri də bu idi. Beləliklə, texniki ekspertizaya 737 QHT-nin 754 layihəsi təqdim olunub.
- Yəqin ki, əksər QHT-lər böyük qrant müsabiqəsinə maraq göstərib. Çünki orada qrant məbləği 50 min manata qədərdir. Bölgü necə olub?
- Xeyr. 754 layihə içərisində üstünlük kiçik qrant müsabiqəsi üzrə olub - 532 layihə. Orta qrant müsabiqəsində 147, böyük qrant müsabiqəsi üzrə isə cəmi 75 layihə olub. Böyük qrant müsabiqəsinə müraciətin az olmasının səbəbləri düşündürücüdür. Təəssüf ki, uzun illər bir sıra QHT-lərin qrantlara yanaşması, az qala “mükafat” kimi olub, ona görə də onların komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu uğurlu layihəyə çevirmək, media ilə işləmək vərdişləri yetərli səviyyədə inkişaf etməyib. 50 min manata iddia edən QHT-nin fəaliyyəti barəsində son beş il ərzində ən azı media subyektlərində 20 müxtəlif informasiyaya rast gəlinməlidir. Təəssüf ki, belə QHT-lərin sayı təsəvvür olunan qədər çox deyil. Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir, onların ictimai birlik kimi fəaliyyəti görünmür. Bundan başqa, orta və böyük qrant müsabiqələri üzrə layihələrdə “məntiqi çərçivə” sənədinin də olması əsas tələblərdən biridir. Bu sənəd layihənin “yol xəritəsi”dir, gediləcək yolu, riskləri, tədbirlərin ardıcıllığını, əlaqəsini, sxemini göstərir. Kiçik qrant müsabiqəsi üzrə isə qeyd olunan tələblər hələ ki, yoxdur.
- Layihələrin ekspertizası neçə mərhələdə aparılıb?
- Üç mərhələdə - I mərhələ layihələrin texniki ekspertizası, II mərhələ layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, III mərhələ isə layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsidir.
- Bütün layihələr texniki ekspertizanı keçə bilib?
- Xeyr. Texniki seleksiya nəticəsində 102 QHT-nin sənədlərində Nazirlər Kabinetinin müəyyən etdiyi minimal tələblərin ödənməməsi halı aşkarlanıb. Beləliklə, müstəqil ekspertlərin baxışına 652 layihə çıxarılıb.
- Müstəqil ekspertlər kimlər olub və layihələrlə bağlı hansı nəticəyə gəliblər?
- Müstəqil ekspertlərin kimliyini açıqlaya bilmərəm, ancaq onu deyə bilərəm ki, onlar sırf peşəkarlardan ibarət olub. Layihələrin qiymətləndirilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlar əsasında müvafiq ballar üzrə aparılıb. Müstəqil ekspertlər özləri də layihələrin hansı QHT-lərə məxsus olduğunu bilməyib, yalnız verilmiş mətni qiymətləndirib. Hər bir layihə 3 müstəqil ekspert tərəfindən Nazirlər Kabinetinin müvafiq qaydalarında əks olunan 10 meyar üzrə qiymətləndirilib. Ümumiləşdirsək, burada 3 aspekt həlledici olub: layihənin tələb olunan maliyyəyə uyğunluğu, layihənin ümumi strukturunun (hədəf auditoriyasının düzgün müəyyən edilməsi, yazılış tərzi) peşəkarlığı və layihənin mövzusunun aktuallığı. Məsələn, ola bilər ki, layihənin maliyyə əsaslandırması və ümumi strukturu yaxşıdır, amma mövzusu aktuallığını çoxdan itirib. Müstəqil ekspertlər bütün bu məqamları nəzərə alaraq layihələri qiymətləndirib. Proses bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparılıb.
Təəssüflə qeyd etməliyəm ki, II mərhələdən keçən layihələrdə də III mərhələdə digər problemlər aşkarlanıb. Plagiatlar, müxtəlif QHT-lər tərəfindən eyni məzmunlu layihələrin təqdim olunması, yaxud eyni şəxslərin müxtəlif QHT-lər adından çıxış etməsi, həmçinin şəbəkələşmə, sövdələşmə elementləri bu problemlər sırasındadır. Təbii ki, bu mənzərə nəticədir. Amma səbəblər daha dərindir.
- Nəticələrin fevralın sonunda açıqlanacağı bildirilmişdi, hələ də cavablar yoxdur?
- Tamamilə haqlısınız. Yuxarıda sadaladığım neqativ halların hərtərəfli araşdırılması, müxtəlif qurumlara sorğuların göndərilməsi, onların cavablarını gözləmək müəyyən qədər yubanmaya səbəb oldu. Bəzi QHT-lərin digər dövlət qurumları qarşısında debitor borcları üzə çıxdı. Ancaq proses yekunlaşıb. Bu gün 2024-cü il üzrə qrant müsabiqələrinin nəticələri elan olunacaq.