Əməkdar artist Tahir İmanov özəl televiziyaları kəskin tənqid edib.
O, bu barədə "Künc-bucaq" adlı “Youtube” layihəsinin qonağı olarkən danışıb. T.İmanov televiziyalarımızda vəziyyətin çox acınacaqlı olduğunu vurğulayıb:
“Bunu Tahir İmanov kimi yox, adi tamaşaçı kimi deyirəm. Bu, mənim subyektiv fikrimdir. İnanıram ki, bu fikirdə olan insanların sayı günü gündən artır. Televiziya maarifləndirmir, öz verilişləri ilə böyük zərbələr vurur, qeyri-mədəniyyəti, qeyri-yumoru təqdim edir. Vətəndaş kimi demək borcumdur – buna bir çarə qılmaq lazımdır. Həm də radikal çarələr. Çünki getdikcə keyfiyyətsiz verilişlərin, səviyyəsiz aparıcıların, savadsız televiziya işçilərinin sayı artır. Bunlar çox pis təsir göstərir. Biz Rafiq Hüseynov, Roza Tağıyeva, Gülşən Əkbərova kimi diktorları görmüşük, onların vasitəsilə Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini, Səttar Bəhlulzadəni, Tahir Salahovu, Bəxtiyar Vahabzadəni və digər Azərbaycanın böyük şəxsiyyətlərini öyrənmişik. Bu gün də dövlət televiziyası maarifləndirir. Zənnimcə, özəl kanallardan qat-qat üstündür. Bir vaxtlar biz bəzi bayağı məqamlara görə Azərbaycan Dövlət Televiziyasının verilişlərini tənqid edirdik. Amma bu gün hər şeyin əksini görürük. Ona görə bir vətəndaş, bu işdən bir az başı çıxan bir insan kimi tövsiyə edərdim ki, ana televiziyamıza baxsınlar. Həmçinin, İctimai TV böyük işlər görüb, xırda da olsa, televiziya sahəsində inqilab törədib. Əsl mədəniyyəti, incəsənəti, əsl azərbaycançılığı necə təbliğ edirlər, bunlara baxsınlar. Çünki bunlar sözün əsl mənasında özəl telekanallar üçün dərslikdir”.