Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo” xəbər verir ki, martın 18-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Həsənov onlayn qaydada iştirak edib.
Məhkəmədə hakim Hüseyn Məmmədov tərəfindən şahidlər - Həsən Əhmədov, Daşqın Rəhimov, Vəli Ələsgərov, Rövşən Abdinov, Məhəmməd Həşimov, Şahin Mehdiyev, Namiq Əliyev və Ehtibar Hacıyevin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunub.
Şahidlərdən Həsən Əhmədov ifadəsində qeyd edib ki, Tofiq Həsənov çalışdığı müddətdə onun telefonu vasitəsilə bir neçə dəfə Naxçıvan MR Ali Məclisinin yüksək vəzifəli şəxsləri ilə danışıb. Eyni zamanda, T.Həsənov ona zəng edib və həmin vəzifəli şəxslərdən bəzilərinə çatacaq çantaların olduğunu deyib.
H.Əhmədov isə oraya gedərək çantaları götürüb. Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimov ifadəsində Tofiq Həsənovun xidmət etdiyi müddətdə onun otağına gəldiyini, bağlamada 350 min manatı stolun üstünə qoyduğunu qeyd edib:
“Tofiq Həsənov deyib ki, gəlib pulu götürəcəklər”.