Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.
XİN-dən verilən məlumata görə, qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.
Qeyd edilib ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır: "Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir.