Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatından sonra prokurorluq orqanlarında çoxdandır gözlənilən islahatlara start verilib.
Məlum olduğu kimi, yeni Baş prokuror artıq xeyli sayda yüksək vəzifəli şəxsi, o cümlədən “toxunulmaz” statuslu rayon prokurorlarını işindən uzaqlaşdırıb, onların yerinə yeni təyinatlar həyata keçirib. Kadr islahatları həm rayon prokurorluqlarını, həm də Baş prokurorluğun özünü əhatə edir. K.Əliyev Zakir Qaralovun vaxtından qalan Baş prokuror köməkçilərini də vəzifələrindən uzaqlaşdırıb, onları başqa vəzifələrə keçirib.
Prokurorluq orqanlarında kadr islahatları davam edir, demək olar ki, hər gün yeni təyinatlar, vəzifədən uzaqlaşdırmalarla bağlı rəsmi məlumatlar verilir.
Bu prosesdə ən diqqətçəkən, maraqla gözlənilən məsələ isə 15 ildir Baş prokurorun birinci müavini postunu tutan 66 yaşlı Rüstəm Usubovun da vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağıdır. Əksəriyyətin fikri bundan ibarətdir ki, R.Usubov istefaya göndərilmədən Baş Prokurorluqda başlayan islahat prosesini məntiqi sonluğuna çatdırmaq mümkün deyil.
Məlumata görə, Rüstəm Usubovun istefaya göndərilməsi məsələsi də artıq həll olunub. Yeni Baş prokuror Rüstəm Usubovla işləmək fikrində deyil, çox böyük ehtimalla, o, yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Hətta bəzi mənbələr bu qərarın yaxın bir-iki gündə elan olunacağını da iddia edirlər.