Bakıda "Bravo" hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Gülayə Paşayeva təqsirləndirilən şəxslər - Ruhlan İsmayılov və İbrahim İbrahimovun qaldığı evin sahibi olduğunu deyib: "Burda olanlardan sadəcə, İbrahimi tanıyıram. Ruhlanla İbrahim mənim evimdə kirayədə qalıblar. Pis uşaqlar kimi tanımamışam. Evə təmiz baxırdılar. Son 1 ay evə getmədim. Evə çox adam gəlib-getmirdi. Hadisə günü polislər evə gəldi. Onda hadisənin olduğunu bildim. Dedilər Ruhlan ölüb, İbrahim evdədir. Qapını döydük açmadı. Pəncərəni qırıb girdilər içəri". Şahid kimi tanınan Rüfət Salayev də ifadə verib: "Özüm tokaram. Mənə dedilər ki, motosikletin motoru xarab olub, ona dəmir lazımdır. Hadisədən xəbərim olmayıb, onlar deyən dəmir parçasını düzəltdim. Sonra öyrəndim ki, həmin dəmir parçasından silah üçün istifadə ediblər. Məni aldadıb silaha dəmir düzəltdiriblər".
Təqsirləndirilən Azər Məmmədovun atası məhkəmədə ifadə vermək istəməyib. Onun istintaqa verdiyi ifadə səsləndirilib. "Azər Qəbələdən Bakıya işləməyə gəlib. Fəhlə kimi işləyirdi. Ruhi əsəb xəstəsi kimi qeydiyyatdadır. Sonra qardaşı əsgərlikdən gəldikdən sonra ikisi birlikdə motosiklet düzəltmə sexi açdılar. Azər bir müddət sonra özünə BMW X5 markalı maşın aldı. Onunla rayona gəlmişdi. Azərin dostları barədə məlumatım olmayıb, onları tanımamışam. Məlum hadisə barəsində televizordan öyrənmişəm". Şahid qismində ifadə verən Rüfət Əliyev dərman şirkətində sürücü işlədiyini bildirib: “Sürdüyüm maşının motoru xarab olmuşdu. Aparıb ustaya verdim. Hardasa fevral ayı idi. Maşın ustada olanda motoru söküb, özünü də dayanacağa qoyublar. Maşın dayanacaqda olanda onun nömrələri oğurlanıb. Ezamiyyətdə olanda şirkətdən zəng edib məni çağırdılar. Sonra polis idarəsinə getdik".
Şahid ifafələrinin verilməsi növbəti prosesdə də davam etdiriləcək.
Növbəti məhkəmə prosesi aprelin 3-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.