5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. Artıq o, Bakı İstintaq Təcridxanasına qaytarılıb. Bildirilir ki, onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələlik yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Əhməd Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Bəs diaqnozun dəqiqləşməsi daha nə qədər çəkəcək? Yekunda onun məcburi müalicəyə göndərilməsi mümkünmü? Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov müvəkkili barəsində ekspertizanın rəyindən danışmaq istəməyib. O, “Yeni Müsavat”a bildirib ki, rəy haqda hər hansı bir fikir bildirmək istəmir.
Hadisədən sonra Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir”.
Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
Əhməd Əhmədovun psixi vəziyyəti haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.