Dünyada soyqırıma məruz qalan xalqların içərisində Azərbaycan xalqının da olması nə qədər kədərli hadisə olsa da xalq olaraq bizi daha məğrur formalaşdırmış, tarixin ən qaranlıq üzlərindən alnıaçıq, üzüağ olaraq çıxağımıza, hər zaman ədaləti və humanizmi rəhbər tutmağımızda mühüm rol oynayıb.
Məsələn, Ermənistanı beynəlxalq ictimaiyyət cinayətkarlığın, soyqırımın səbəbkarı və törədicisi olaraq tanıyır. Eləcə də, faşizmin yəhudilərə qarşı həyata keçirdiyi “Holokost”, fransızların Əlcəzairdə törətdiyi qırğınlara, Serebnitsa faciəsinə beynəlxalq ictimaiyyət qiymət verib.
Amma və lakin, təkcə XX əsrdə dəfələrlə soyqırıma məruz qalmış Azərbaycan xalqı hələ də cinayətkarların cəzalandırılmasını gözləyir. Məhz, dünya tarixinə Azərbaycanlıların soyqırımı günü olaraq düşmüş, 31 Mart soyqırımı da ən dəhşətli cinayətlərdən biridir, ermənilərin törətdiyi bu cinayətlər o qədər böyük və xüsusi amansızlıqla fərqlənir ki, hələ də bu sahədə tədqiqatlar davam edir. 1918-ci ilin martına nəzər salanda görürük ki, 30 mindən artıq soydaşımız qətlə yetirilib, tarixə baxmalıyıq ki, o həm də gələcəyimizə işıq salsın. Belə olduğu bir neçə vacib məqamı xatırlamaq lazımdır, 1918-ci ilin mart - aprel aylarında “Böyük Ermənistan” xülyası quran və “Daşnaksutyun” partiyasının ideologiyası altında birləşmiş ermənilərin dinc soydaşlarımıza qarşı törətdikləri bu qırğınların misli görünməyib.
Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixində Bakıda, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə 30 mindən çox həmvətənlilərimizi öldürmüş, 10 mindən artıq soydaşlarımız didərgin düşmüşlər. Məhz azğınlaşmış bolşevik-daşnak birliyi küçələrə, evlərə hücumlar təşkil edir, kütləvi qırğınlar törədirdilər. Daha öncədən xalqımızı tərk-silah etməklə əhalini tam müdafiəsiz qoyan daşnaklar qadın və uşaqlara qarşı xüsusilə amansız davranırdılar. Ahıl qocaları qətl edən, uşaqları küt alətlə qətlə yetirən bu 10 minlik qrupun əsas hədəfi xalqımız arasında amansız qorxu yaratmaqdan ibarət idi.
Məhz erməni daşnak-rus bolşevik qüvvələrinin xalqımıza qarşı apardığı amansız soyqırım zamanı ictimai şəxsləri və binalara da böyük ziyan vurdular. Müsəlmanların ibadət yeri olan və xalqımızın toplaşdığı “Təzə Pir” məscidinin minarəsi bombalanmış, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmışdır. Bununlada kifayətlənməyən qüvvələr İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binasını, ХIV əsrdə tikilmiş Keyqubad məscidini dağıtmışlar.
Bakıda törətdikləri qırğınlarla yanaşı, Şamaxı şəhərində kütləvi qırğınlar törədilib. Belə ki, bolşeviklər tərəfindən Bakıdan yaхşı silahlanmış top və pulemyota malik olan minlərlə əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Onlar yolboyu müsəlman kəndlərini qarət edərək Şamaxıya çatmışlar. Stepan Şaumyanın fitvası və dəstəyi ilə hazırlanmış bu hərbi birləşmələr öz sıralarına erməniləri də cəlb edərək böyük bir qoşuna çevirmişlər. “Şamaxının son günləri” adlı 1919-cu ilin 30 mart tarixində çap olunmuş “Azərbaycan” qəzetindəki məqalə məhz ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Belə ki, cəbhədən geri qayıtmış ermənilər özləri ilə əlavə silah gətirərək buradakı yerlilərinə vermiş, Şamaxı və ətraf ərazilərdə yaşayan erməniləri silahlandırmaqla Azərbaycan xalqına qarşı kütləvi qırğın törətmişlər.
Ermənilər əvvəlcədən bu işə ciddi hazırlaşmış hələ 1918-ci ilin əvvəlində Şamaxıya öz emissarlarını göndərərək burada yaşayan ermənilərin arasında təbliğat aparmış və əvvəlcədən öz məqsədlərinə uyğun onları hazırlamışdılar. Məhz Şamaxı əhalisinin yaşadığı bu faciənin də əsas səbəbi onların ermənilərin bu məkrli planı barəsində məlumatsız olmaları idi.
Stepan Lalayevin (Lalayan) başçılığı ilə törədilmiş bu amansız faciə zamanı 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Məhz Sovet dövründə bu ağır cinayət hadisəsi ört-basdır edilməyə çalışılsada 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qalması təsdiqlənib.
Komissiyanın üzvü A. F. Novatski məruzəsində Şamaxı şəhərinin müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermiş, eləcə də şəhərin darmadağın edilməsini bildirib. Məhz şəhərin nüfuzlu şəxslərinin evlərinə pənah gətirmiş qadın və uşaqların olduğu evlərə soxulan ermənilər, misilsiz qırğınlar törədib. Hadisə barədə tədqiqatçıların gəldiyi qənaətə əsasən həmin zaman Şamaxı şəhərində və onun ətraf kəndlərində 20 mindən artıq soydaşımız amansızcasına qətlə yetirilib.