“Bakının Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı ağaclara ziyan vurulması, bir çox ağacların yerindən çıxarılması xəbəri tamamilə yalandır”. Bunu Oxu.Az-a sözügedən ərazidə Yasamal Rayon İcra Hakimiyyətinin apardığı təmir-bərpa işlərinin ustabaşı Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, təmir işləri bir ilə yaxın müddətdir ki, aparılır:
“Bu müddət ərzində heç bir ağaca, infrastruktura ziyan vurulmayıb”.
R.Əliyev bildirib ki, vaxtilə ərazidə baş vermiş sürüşmə buradakı yol cığırlarına ziyan vurub:
“Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həm yol cığırları sahmana salınır, həm də oradakı ağacların qurumasının qarşısının alınması üçün tədbirlər görülür. Baxımsızlıq ucbatından ərazidəki bəzi ağaclar quruyublar. Abadlaşdırma işləri birinci gündən başlayacaq və bir ay çəkəcək”.
O vurğulayıb ki, sözügedən ərazi yaşıllaşdırılacaq və daha sonra park salınacaq:
“Bu işlər COP29-a hazırlıq çərçivəsində görülür. Biz ancaq təmir işləri ilə məşğuluq”.
R.Əliyev fəhlələrin ağacları kökündən çıxarıb başqa yerdə əkdiklərinə dair sözlərin həqiqətə uyğun olmadığını söyləyib:
“Fəhlələr belə bir şey deməyiblər. Onların dilindən yalan sözlər yazılıb”.