Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.
DİM-dən APA-ya verilən xəbərə görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.
Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2024-cü il 1 apreldən 11 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2024-cü il mayın 5-də, II cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.