Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib - red.) xəsarət yetirib. Teleqraf.com-un məlumatına görə, Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə ilə sevgi münasibətlərində olmasından şübhələnib.
Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına gəlib. Bu məqsədlə İlkinin işlədiyi avtoyuma məntəqəsinə gəlib. Məntəqənin istirahət otağından götürdüyü bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə münasibətinin olduğunu etiraf etməsini istəyib. Məftun bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə vurub.
Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən maşınla tibb müəssisinə çatdırılıb və həyatı xilas edilib.
Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes” markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib. Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında ona 33 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həyat yoldaşını telefondakı səsə görə öldürüb:
“Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim. Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək qərarına gəldim.
Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi boynuna almadı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin adını eşidib:
“Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin olub-olmadığını soruşdum. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə vurduğumu xatırlamıram”.