Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov və nazir Jan-Klod Qakosso arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və s. üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlər və təmasların əhəmiyyəti qeyd olunub.
Ölkəmizin QH-ya sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Cari ildə COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesi, hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.