Bir müddət əvvəl Prezident Administrasiyası bəzi telekanalların rəhbərləri ilə görüş keçirdi. Görüş zamanı tamaşaçıların əksər hissəsinin narazılığına səbəb olan verilişlər barədə xəbərdarlıq edildi. Xəbərdarlıqdan sonra bəzi kanalların rəhbərləri irad və tövsiyyələrdən nəticə çıxarıb verilişlərin yayım saatında dəyişiklik edib azaltdılar. Əlbəttə, bu xəbər sevinclə qarşılandı.
Lakin bu tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi. Etdi, lakin dolayı yolla. Əvvəlcə Zaur Baxşəliyev dedi ki, “rəhbərlikdən xahiş etmişəm ki, efir vaxtımı azaltsın, ailəmlə çoxlu vaxt keçirmək istəyirəm”. Halbuki, belə xahiş etməmişdi. Ümumi tövsiyyə bundan ibarət idi ki, efir saatı azaldılsın. Bir azdan məlum oldu ki, Zaur Baxşəliyev efir saatını yenidən bərpa edib. Kəsilən hissəni həyat yoldaşına həvalə etdi, bununla da efir saatı yenidən bərpa olundu. Bununla da ümumi tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi.
Artıq bir həftədən çoxdur ki, sosial şəbəkələrdə Zaur Baxşəliyevin belə etməsi ilə bağlı statuslar paylaşılır ki, televiziya kanalları yenə öz bildiyini etdi. Yəni, heç bir tövsiyə, yaxud qərar eyinlərinə də gəlmədi. Təbii ki, Baxşəliyev ailəsi bunu kanal rəhbərliyinin icazəsi olmadan edə bilməzdi. Deməli, ümumi irad həm də ATV rəhbərliyinə yönəldilməlidir ki, hansı əsasla heç bir tövsiyyə və qərara baxılmadan qərar qəbul olunur. Halbuki Prezident Administrasiyası normal şəkildə toplantı keçirib iradlarını bildirmişdi. Bunu tamaşaçıların şikayət məktublarına görə əsaslandırmışdı. O şikayət məktublarını yazanlar arasında ziyalıdan tutmuş sadə vətəndaşa qədər var. Rəsmi məktublardan əlavə xalqın nümayəndələri sosial şəbəkələrdə də bu barədə narazılığını ifadə edir. Administrasiyanın radikal qərarı onda olardı ki, adıçəkilən verilişlər tamamilə bağlansın. Lakin demokratik ab-havanı qorumaq məqdəsilə sadəcə irad bildirdi və efir saatı azaldıldı. Belə humanist qərarın üzərindən yenidən efir saatını həyat yoldaşına verməklə bərpa etmək, heç bir məntiqə sığmır.