BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat sirləri açdı: “Suriyaya beş nəfər getmişdik, onlardan üçü təsir altına düşdü”

“16 yaşımdan oruc tutmağa başlamışam və artıq 34 ildir ki, bu belə davam edir. Suriyada dini təhsil almışam. Bunun qəribə bir tarixçəsi var. Sovet höküməti hələ dağılmamışdı. 1991-ci ilin əvvəllərində xaricdə təhsil almağım üçün imkan yarandı və valideynlərim də buna üstünlük verdilər”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov Musavat.com-a video-müsahibəsində bildirib. O, xaricdə dini təhsil almağın çətinliklərindən bəhs edib: 

 

“Bizim ailədə dindarlıq o qədər də güclü deyil. Tarixçə belə oldu ki, Suriyaya göndərdilər və mən sıfırdan dini təhsil almağa başladım. Əvvəllər din kursuna gedib, ərəb dilini nisbətən də olsa öyrənmişdim. Ancaq orada namaz qılmaq, Quran oxumaq və digər bütün dini proseslərin hamısına yenidən başladım. 

 

Biz 5 nəfər birlikdə Suriyaya təhsil almaq üçün getmişdik. 5 nəfərdən 3-ü təsir altına düşdü və onlar oxumaq üçün başqa ölkəyə yollandılar. Orada da oxuya bilmədilər və məcbur olub Azərbaycana qayıtdılar. Biz isə çətinlik olsa da, davam etməyə çalışdıq. Təhsil müddətində davamlı olaraq təsir cəhdlərini müşahidə edirdik. Amma şükürlər olsun ki, bu baş vermədi və təhsilimizi heç bir təsirə məruz qalmadan başa vurduq. Əslində, Suriya modern və inkişaf etmiş dövlət olsa da, dünyanın hər yerində olduğu kimi, orada da zaman-zaman belə cəhdlər nəzərə çarpırdı. Burada bizim ailə tərbiyəmizin, öz məqsəd və niyyətlərimizə nail olmaq üçün iradəmizin rolu oldu ki, həmin təsirlərdən özümüzü qoruya bildik və sona kimi davam edərək, təhsilimizi başa vurub Azərbaycana qayıtdıq. Bu proses 7 illik bir müddəti əhatə edib”. 

 

Deputat həmin dövrdə yaşadığı çətinliklərdən də danışıb:

 

“Suriyaya gedəndə vəziyyət o qədər də ürəkaçan deyildi. Biz ora Moskvadan keçərək getdik. Üstümüzdə müəyyən məbləğdə pul var idi. Lakin o vaxtlar ayrıca pul aparmaq qadağan idi. Moskva aeroportunda bütün pullarımızı əlimizdən aldılar və Suriyaya bir qəpiksiz gedib çıxdıq. Həmin vaxt Azərbaycan müstəqillik dövrünə yenicə qədəm qoymuşdu. Üstəlik, Qarabağ savaşı başlamışdı. Bu səbəbdən aylarla evdəkilərlə əlaqə saxlaya bilmirdik. Telefon əlaqəsi inkişaf etməmişdi. Həmçinin, sovet dövründə əlaqə yaratmaqla bağlı müəyyən məhdudiyyətlər mövcud idi. Neçə aydan sonra ailəmdən 1 məktub ala bildim. O da anamdan gəlmişdi. Həm onlar, həm də mən narahat idim. Həmin məktubu alandan sonra oturub ağladım”./Yenisabah.az

 

Tarix: 2 Aprel 2024, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin