Dünən Astarada gənc ailənin üzvlərinin hamısının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən BMW markalı avtomobilin 31 yaşlı sürücüsü Mirzəmməd Əliyev dünən həyat yoldaşı və üç yaşlı övladı ilə birgə Bakıdan Astaraya gedibmiş.
Paytaxtda çalışan gənc Şiyəkəran kəndində yaxınlarını gördükdən sonra həyat yoldaşı və qızı Gülxanımla birgə Astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəlib. Ailənin olduğu avtomobil kənddən çıxaraq Ələt-Astara magistral yolunun 201-ci kilometrliyində Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan üç nəfər orada yanaraq ölüb.
Hadisə zamanı ətrafdakı şəxslər müxtəlif vasitələrlə yaralıları maşından çıxarmaq və yanğını söndürmək istəsələr də, mümkün olmayıb.