Xalq artisti Röya Ayxan Bakıda ard-arda iki gün konsert verib. Paytaxtın məşhur məkanlarından birində səhnəyə çıxan estrada ulduzu kulisdə OLAY-la həmsöhbət olub:
- Əvvəla keçmiş olsun demək istəyirik.
- Sağ olun. Biz olaylarla dolu qadınıq da. Deyir, gəzən ayağa daş dəyər.
- Məlum hadisədən sonra ilk konsertinizdir. Təəssüratlarınız necədir?
- Bu tip konsertlər bilirəm necə olur. Sadəcə bu klubda ilk dəfə səhnə alıram. Bu arada Moskvada konsertimi təşkil edən oğlan da ailəsi ilə buraya gəlib. Biz onlarla danışacağıq. Bir video da hazırlamalıyıq. Çünki biz hər şeyi qaytarmağa hazırıq. Fors-major deyə bir şey var. Zəlzələ, müharibə bir şey olarsa… Bu halda o pulu xərcləyə də bilməzdim. Bəlkə də, hansısa müğənni götürüb xərcləyər. Bu, mənim nə insanlığıma, nə də qüruruma uyğun olmaz. Röya bunu etməz! Aldığımız bütün pulları iadə edirik ki, hər kəs biletlərini qaytara bilsin. Biz də tarixi başqa vaxta salaq. Oğlanla müzakirə edəcəyik. Sağlıq olsun. Onsuz da Röya hər zaman oxuyacaq. Harada olmağımıza baxmayaraq, hansı millətdən söhbət gedirsə, getsin, sülh-əminamanlıq olsun. Biz nə istəyərik ki? Yalnız oxumaq və deyib-gülmək. Ən gözəl sənət bizimkidir. Çünki yalnız toy-büsat, konsert istəyirik.
- Hamı narahat idi sizin üçün. Media nümayəndələri, sevənləriniz... Bir də sənət dostlarınız. Çoxu da sizinlə bağlı “keçmiş olsun” paylaşımı etdi.
- Buradan tanıdığım-tanımadığım hər kəsə təşəkkür edirəm. Məni sevməyən belə bilirəm ki, sevir. O da sağ olsun (gülür).
- Bu il başlayandan ard-arda fotosessiyalar təqdim edirsiniz...
- Hə. Çoxu deyir ki, əməliyyatdan əvvəl daha gözəl idin. Qardaş, məgər üzümü dəyişmişəm, ya siz bildiyiniz əməliyyatdan etmişəm? Siz düşündüyünüz əməliyyat deyil. Doğrudan da insanın bir burunu üzdə hər şeyi dəyişir. Düzdür, hələ şişdir, bir neçə aya tam formalaşacaq. Mən indi üzü üstə yata bilmirəm. Deyirəm, burnumu yenidən əyməyim. Dostlarım deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən. Doğrudan da dördüncü əməliyyatı heç kim boynuna götürmürdü. Əlavə bəzi toxunuşlar da etmişik. Mən layner çəkməyi sevirəm. Amma çəkə bilmirdim. İndi baxın necə çəkirəm. Çünki gözümün üstündəki ət yoxdur. Mən atama oxşamışam, yəqin ki, bir-iki ildən sonra o ət gələcək yerinə. Yaş keçdikcə, yenidən gələcək də. Sevinirəm ki, bunu 40-da etmişəm. Həkimim dedi ki, tanınmış insanlar, ümumiyyətlə qadın bu əməliyyatdan sonra 6 ay heç nə etmir. Hələ şiş çəkilir. Mən 15 gün sonra kliplər çəkib, fotosessiyalar etdirmişəm. Biləsiniz ki, heç birində fotoşop yoxdur.