İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 2-də nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.
Qolam Abbas Torki qonaqpərvirliyə və qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi, həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın azad olunması münasibətilə təbriklərini ifadə edib.