Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir.
Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılmışdır.
Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarmışdır.